Cavanşir İzzət oğlu Rəhimov (5 iyun 1973 — 6 avqust 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Cavanşir Rəhimov | |
Cavanşir İzzət oğlu Rəhimov | |
Doğum tarixi: | 5 iyun 1973 |
---|---|
Doğum yeri: | Qaşqaçay, Qax rayonu, Azərbaycan SSR |
Vəfatı: | 6 avqust 1992(19 yaşında) |
Vəfat yeri: | Qasapet, Ağdərə rayonu |
Milliyyəti: | azərbaycanlı |
Mükafatları: |
Həyatı
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.
Vəfatı
6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
İrsi
Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub.
Milli Qəhrəman Cavanşir Rəhimov haqqında “Cavanşir” adlı sənədli film çəkilmişdir. Qax şəhərindəki Səməd Vurğun adına Mədəniyyət evində rejissor Kəmalə Musazadənin quruluşunda olan “Cavanşir” sənədli filminin təqdimatı keçirilmişdir.
Комментариев нет:
Отправить комментарий